Skuamoz hüceyrəli karsinoma (yastı hüceyrəli dəri xərçəngi) nədir? Müalicəsi necədir?
Skuamoz hüceyrəli karsinoma (SCC) insanlarda çox rast gəlinən dəri xərçəngi növüdür. Bədənin illərdir günəşə məruz qalan bölgələrində - ən çox baş, boyun və əlin arxası kimi günəşə məruz qalan yerlərdə görülsə də, ağız, dodaqlar və cinsiyyət orqanları daxil olmaqla, bədənin hər hansı bir yerində meydana gələ bilər.
Dəri Xərçəngi Simptomları
SHK-dan nə vaxt şübhələnməliyəm?
Toxunduqda sərt və kobud hiss edilən dəridə bir qabar kimi başlaya bilər. Böyüdükcə qübbə və qabıq şəklini ala və üzərində qanaxma baş verə bilər. Bəzən yavaş böyüyən yastı, qırmızı, pulcuqlu ekzema (buna Bowen xəstəliyi deyilir), sağalmayan və ya təkrarlanan yaralar kimi görünür. Nadir hallarda SCC dırnaq altında başlayır, böyüyərək dırnağı məhv edir. SCC adətən aktinik keratoz adlanan xərçəngönü proses sayılan törəmə ilə başlayır.
Dəri Xərçənginin Səbəbləri
SHK-nın səbəbi nədir?
Əksər SHK günəş və ya süni ultrabənövşəyi şüalara uzun müddət məruz qalma nəticəsində yaranır. Bundan başqa, xərçəngə səbəb olan kimyəvi maddələrə məruziyyət (siqaret, qatran, arsenli su, pestisidlər və herbisidlər), ağır yanıq, uzun müddət davam edən yara və bəzi HPV virus növlərinə uzun müddətli məruz qalma SCC-yə səbəb ola bilər.
Kimlər risq qrupundadır?
İş yerində və ya adi gündəlik həyatda günəşdən qoruyucu krem istifadə etməmək, qaralmaq üçün süni ultrabənövşəyi şüalara tez-tez məruz qalma, xərçəngə səbəb olan kimyəvi maddələrə məruz qalma (içməli suda arsen, bəzi bitki mənşəli dərmanlar və pestisidlər), siqaret çəkmək, həddindən artıq istiyə davamlı məruz qalma və s. zamanı SCC yaranma risqi artır.
SHK diaqnozu necə qoyulur?
Bütün dəri xərçənglərində olduğu kimi, yeganə diaqnostik üsul dəri biopsiyasıdır. SCC-dən şübhələndiyiniz zaman və dermatoloqa müraciət etdikdə həkiminiz müayinədən sonra biopsiya olub-olmamağa qərar verir. Biopsiya lokal anesteziya ilə həyata keçirilən asan bir prosedurdur. Bu bölgə lokal anesteziya ilə anesteziya edildikdə, həkiminiz xəstə bölgədən kiçik bir dəri parçası götürür və diaqnoz qoymaq üçün mikroskop altında araşdırır.
Dəri xərçənginin müalicəsi:
Müalicə növü xərçəngin dərinliyindən, ölçüsündən və yayılıb-yayılmamasından asılıdır. Biopsiyadan sonra diaqnoz dəqiqləşdikdə, dermatoloqunuz hansı müalicənin sizin üçün ən uyğun olacağına qərar verəcək.
Müalicə variantları:
Eksizyon: Bölgə anesteziya edilir və xərçəng toxuması, xərçəngi əhatə edən bəzi normal görünüşlü dəri ilə birlikdə kəsilir.
Mohs əməliyyatı: Müalicəsi çətin olan SCC-lərdə ən yaxşı müalicə üsuludur.
Radioterapiya: Əməliyyat ola bilməyən xəstələr üçün istifadə edilir.
SCC diaqnozu erkən dövrdə təsdiq edilərsə, onu aşağıdakı üsullarla müalicə etmək olar:
Küretaj və elektrodezikasiya: İki addım var. Əvvəlcə şiş qaşınaraq təmizlənir, sonra qalan xərçəng hüceyrələrini məhv etmək üçün elektrik cərəyanından istifadə edilir. Fotodinamik terapiya: Bu müalicədə ilkin mərhələdə dəri xərçəngini aradan qaldırmaq üçün istifadə edilir. Əvvəlcə dəriyə kimyəvi maddə tətbiq olunur. Bu kimyəvi maddə dəridə bir müddət qalır və sorulur. Daha sonra xərçəng hüceyrələrini öldürmək üçün dəri xüsusi bir işığa məruz qalır.
Müalicəsiz qalan hallarda nə ola bilər?
Skuamoz hüceyrəli xərçənglər bazal hüceyrəli xərçənglərə nisbətən daha çox böyüməyə, yayılmağa və metastaz verməyə meyllidirlər. Onlara nə qədər tez diaqnoz qoyulsa və müalicə olunsa, sağalma ehtimalı bir o qədər yüksəkdir. Böyüməyə icazə verildikdə, bu xərçəng dərinə gedə, toxuma, hətta sümüyü əhatə edə bilər. Bəzi hallarda SCC limfa düyünlərinə və bədənin digər hissələrinə metastaz verə bilər. Bu, ciddi sağlamlıq problemlərinə səbəb olur. Ona görə də erkən diaqnoz və müalicə həyat qurtarır.
Dəri Xərçəngi üçün Tövsiyələr
SCC keçirmiş hər kəs digər dəri xərçəngləri üçün də yüksək risk altındadır. SCC keçirən xəstələr dermatoloqlar tərəfindən mütəmadi olaraq izlənilməyə davam edilməlidir. Bundan əlavə xəstə özünü müayinə etməyi öyrənməlidir.
Özümü SHK-dan necə qorumalıyam?
SHK profilaktikası üçün günəşdən və qaralmaqdan qorunmaq lazımdır. İlin bütün fəsillərində günəş qoruyucu krem və günəşdən qoruyan da dodaq balzamından istifadə edilməlidir. Günəşdən qoruyucu krem geniş spektrli (UVA/UVB), suya davamlı, SPF qoruma faktoru ən azı 30 olmalıdır. Bədənin paltarla örtülməyən hər yerində quru dəriyə çölə çıxmazdan 15 dəqiqə əvvəl çəkilməli, 2-3 saatdan bir yenilənməlidir. Həmçinin göz ətrafındakı dərini qorumaq üçün gün eynəklərindən istifadə edilməlidir. Alkoqol və siqaretdən imtina edilməli və ya onlardan istifadə məhdudlaşdırılmalıdır. Həmçinin cinsiyyət orqanlarında xərçəngin inkişafının qarşısını almaq, HPV infeksiyası riskini azaltmaq üçün kondomdan istifadə tövsiyə olunur. Cinsi partnyorların sayı artdıqca HPV-nin ötürülmə ehtimalı da artır.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər