Fiziki amillər: hərəki aktivlik, ətraf mühitin yüksək temperaturu və digər səbəblərdən asılı olmadan baş verən güclü tərləmə tibbdə hiperhidroz (yunan dilində «hyper» – həddindən artıq, «hidros» – tər) adlanır. Tərləmə – tər vəziləri tərəfindən mayeşəkilli sekretin (tər) ifrazı ilə səciyyələnən fizioloji prosesdir. Tərləmə prosesi orqanizmi hipertermiyadan qoruyur, homeostazı tənzimləyir. Tər dəridən buxarlanaraq, bədən səthini soyudur, temperaturu aşağı salır.
- Hiperhidrozun yaranma səbəbləri
- Hiperhidrozun müalicə üsulu
- Hiperhidrozun yeni müalicə üsulları
Hiperhidroz. Güclü tərləmə barədə ümumi məlumat
Normada ətraf mühitin temperaturu 20-25°С-yə qədər yüksəldikdə, eləcə də fiziki və ya psoxoemosional yüklənmə zamanı tər ifrazı güclənir. Ətraf mühitin temperaturu 36°С-yə qədər və daha çox artdıqda tər ifrazı ilə orqanizmin termorequlyasiyası həyata keçir, hipertermiyanın qarşısı alınır. Aşağı nisbi nəmlik və aktiv fiziki hərəkətlər güclü tərləməyə və orqanizmin soyumasına səbəb olur. Əksinə, nəm, qapalı mühitdə tər ifrazı dayanır, bununla əlaqədar isti hamam və saunada uzun müddət qalmaq məsləhət görülmür. Mayenin həddindən artıq qəbulu tər ifrazını kəskin dərəcədə artırır, bu səbəbdən havanın temperaturunun yüksək olduğu otaqda və ya fiziki yüklənmə zamanı içilən mayenin qəbuluna nəzarət etmək lazımdır. Psixoemosional oyanıqlıq nətiucəsində dəri reseptorları tər ifrazını stimulyasiya edir. Ona görə də güclü emosiyaalr, məsələn, həyəcan, qorxu və ya ağrı zamanı tər ifrazı artır.
Tərləmə prosesinin patoloji pozulması onun həddindən artıq güclənməsi və ya azalması, eləcə də tər iyinin dəyişərək, üfunətli olması ilə təzahür edir. Hiperhidroz ümumi və yerli olur. Birinci halda güclü tərləmə bütün bədəndə müşahidə olunur, o, çox zaman endokrin, sinir sisteminin funksional pozğunluqları və bir sıra infeksion xəstəlikləri müşayiət edir. İkinci halda isə tərləmə sinir sisteminin yüksək oyanıqlığı nəticəsində orqanizmin lokal nahiyələrində (pəncə, ovuc, qoltuqaltı nahiyə, dirsək və diz büküşləri) baş verir.
Hiperhidroz əksər hallarda ciddi diskomfort törədir, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. İnsan tərləmənin münasib olmayan vaxtda baş verəcəyindən və ətrafdakılara narahatlıq gətirəcəyindən ehtiyat edərək, daima gərginlik içində yaşayır. Emosional gərginlik öz növbəsində tər ifrazını daha da artırır, qapalı dövran yaranır.
Güclü emosional sarsıntılara hər bir insan özünəməxsus tərzdə reaksiya verir: bəzilərində AT yüksəlir, digərlərində isə tər ifrazı artır.
Yerli hiperhidroz ovuc, pəncə, qoltuqaltı, alın və bədənin digər nahiyələrində, ayrı-ayrılıqa və ya bir yerdə yarana bilər. Generalizə olunmuş hiperhidroz ciddi xəstəliyin əlaməti ola bilər, bu səbəbdən belə hallarda təcili surətdə həkimə müraciət etmək lazımdır.
Hiperhidrozun yaranma səbəbləri
Nəm ovuc və pəncələr, qoltuqaltı nahiyənin tərləməsi, xoşagəlməz iyli tər insanın özünə inamını azaldır. Hiperhidrozun yaranma amillərini araşdırmazdan əvvəl tər ifrazı prosesinin fiziologiyası ilə tanış olmaq lazımdır.
Tər ifrazı – orqanizmin soyumasını, artıq maye, toksiki maddələr, parçalanma və su-duz mübadiləsinin məhsullarını xaric olunmasını təmin edən təbii mexanizmlərdən biridir. Təsadüfi deyikdir ki, bəzi dərman vasitələri dəri səthindən ifraz olunarkən tər qırmızımtıl, göy-yaşıl, sarımtıl rəngə boyanır.
Tər dərialtı-piy toxumasında yerləşən tər vzəiləri tərəfindən hasil olunur. Tər vəzilərinə ən çox qoltuqaltı çuxur, əl və pəncə nahiyəsində rast gəlinir. Tərin 97-99%-ni duzlar (natrium və kalium sulfat, xlorid, fosfat) və digər mürəkkəb üzvi maddələrdən ibarət su təşkil edir. Bu maddələrin olması və onların konsentrasiyası individual xarakter daşıyır, müxtəlif insanlarda tərin özünəməxsus iyə malik olması də məhz bununla izah edilir. Həmçinin tərin tərkibinə piy vəzilərinin sekreti və dəri səthindəki bakteriyalar da qatılır.
Fizioloji tərləmə orqanizmin toksinlər və həyat fəaliyyəti məhsullarından təmizlənməsinin labüd şərtidir. Hamam, sauna bu maddələrin orqanizmdən çıxarılmasına şərait yaradır. Fiziki yüklənmə, emosional gərginlik zamanı hətta sağlam adamlarda da tər ifrazının güclənməsi müşahidə edilir.
Hiperhidroz neyro-psixi, somatik xəstəliklərin əlaməti kimi və ya şəxsi gigiyena qaydalarına riayət olunmadıqda inkişaf edə bilər.
Klinik olaraq, birincili və ikincili hiperhidroz ayırd edilir. Birincili hiperhidroz əsasən yeniyetmələrdə qeydə alınır. Onun rastgəlmə tezliyi 1%-ə bərabərdir. İkincili hiperhidroz isə bir qayda olaraq, nevroloji, endokrin və ya somatik xəstəliklərin fonunda yaranır. Hiperhidrozun yaranma səbəblərini təyin etməklə pasiyentin müayinə və mülaicə proqramını tərtib etmək mümkündür. Belə ki, generalizəolunmuş hiperhidroz zamanı şiş, endokrin və infeksion xəstəliklər inkar edilməlidir.
Tər dəri səthindəki məsamələrdən ifraz olunur. Tərləmə prosesi maddələr mübadiləsi, qan dövranı, ifrazar, reproduktiv proseslərə cavbdehlik daşıyan vegetativ sinir sistemi tərəfindən tənzimlənir. Vegetativ sinir sistemi 2 hissəyə ayrılır: simpatik və parasimpatik.
Tər ifrazını simpatik sinir sistemi tənzim edir. Onun hiperfunksiyası zamanı tər vəzilərinin normal fəaliyyəti pozulur: cüzi həyəcan dərhal güclü tərləmə ilə müşayiət olunur. Müasir tibb elmi bir-birilə əlaqəli olan bu proseslərin təkanverici mexanizmi və hiperhidrozun yaranma səbəbləri barədə dəqiq fikir yürüdə bilmir.
Hiperhidrozun müalicə üsulları
Hiperhidrozun əməliyyatsız müalicəsi
Hiperhidrozun konservativ müalicə üsullarını təsvir etməzdən əvvəl bu problemdən əziyyət çəkən insanlara bir neçə məsləhət vermək lazımdır.
Tər insan orqanizmində yaranan bioloji maye olduğundan o, bakteriyaların inkişafı üçün əlverişli qidalı mühit sayılır, bu da dəri örütklərinin qoruyucu funksiyalarının pozulmasına və dəri xəstəliklərinin: sürtülmələr, bişməcələr, eləcə də göbələk mənşəli və irinli-iltihabi xəstəliklərin inkişafına gətirib çıxarır.
Hiperhidrozla mübarizənin əsas şərti şəxsi gigiyena qaydalarına riayət olunmasından ibarətdir: hər gün duş k (bəzən gün ərzində bir neçə dəfə), əl və ayaq vannaları (çobanyastığı və ya palıd qabığı dəmləməsi ilə) qəbul etmək. Tər iyini yox etmək üçün dezodorantlardan istifadə edilməlidir. Sintetik materiallardan hazırlanmış alt paltarları və corablar hava keçirmədiyindən onlardan imtina etmək məsləhət görülür. Ayaqqabı rahat, yayda isə açıq olmalıdır. Qida rasionundan imkan daxilində qaynar, kəskin qidalar, alkoqol, nikotin, qəhvə çıxarılmalıdır. Soğan, sarımsaq, ədəvalar tərin xoşagəlməz iyini daha da artırır.
Hiperhidroz əsas xəstəliyi müşayiət edən simptom olmadıqda onun müalicəsində konservativ trapiyanın aşağıdakı növləri tətbiq edilir:
-
psixoterapevtik üsullar
-
medikamentoz terapiya
-
antiperspirant
-
fizioterapevtik üsullar
Psixoterapevtik üsullar, xüsusən hipnoz pasiyentin psixoloji problemlərinin aradan qaldırılmasına yönəldilir. Emosiya və qorxulara hakim olmağı öyrənən insanlar hiperhidroz probleminin də öhdəsindən gələ bilir.
Hiperhidrozun medikamentoz terapiyasında müxtəlif qrup preparatlardan istifadə olunur. Preparatı seçərkən xəstəliyin ifadəliliyi və əks-göstərişlər nəzərə alınır. Tərkibində atropin olan xanımotu (belladonna) preparatı simpatik sinir sisteminə təsir etməklə, onun oyanıqlığını zəiflədir, tər vəzilərinin sekresiyasını azaldır.
Labil, qeyri-stabil sinir sisteminə malik olan insanlara sedativ dərman vasitələri (damotu, pişikotu, bitki tərkibli sakitləşdirici qarışıqlar) və trankvilizatorlar məsləhət görülür. Onlar sinir sisteminin oyanıqlığını azaltmaqla hiperhidrozun yaranma amili olan gündəlik stresslə mübarizə aparmağa kömək edir. Preparat və onun dozalanma qaydası həkim tərəfindən müəyyən edilir.
Hiperhidrozun müasir müalicə üsulu Botoks inyeksiyasıdır. Bu metodun farmakoloji effekti tər vəzilərini innervasiya edən sinir uclarının uzunmüddətli (6 ay və daha çox) blokadasına və tər ifrazının əhəmiyyətli dərəcədə azaldılmasına əsaslanır.
Antiperspirantlar yerli təsirə malikdir. Tərkib komponentlərinin: sink, alüminium, formaldehid, salisil turşusu, triklozan, etil spirtinin hesabına tərləmənin qarşısını alır. Bu qrupa daxil olan preparatlar tər vəzilərinin axacağını daraldaraq və ya tamamən tutaraq, tər ifrazına maneə törədir. Onların yan təsirlərinə allergik reaksiyalar, dermatit və antiperspirantın çəkildiyi nahiyənin ifadəli ödemi aiddir.
Fizioterapevtik üsullar arasında sinir sisteminə ümummöhkəmləndirici təsir edən hidroterapiya (iynəyarpaqlı bitki-dəniz duzu vannaları, kontrast duş) geniş tətbiq olunur. Digər müalicəvi üsul aşağı tezlikli impuls cərəyanı ilə baş beyinə təsir edən elektroyuxudur. Onun müalicəvi effekti sedativ təsir, tormozlanma proseslərinin güclənməsi, vegetativ sinir sisteminin fəaliyyətinin yaxşılaşmasına əsaslanır.
Dərman elektroforezi tər ifrazını azaldan dərman vasitələrinin ionları ilə daimi cərəyanın kombinasiyasından ibarətdir. Problemli zonaya daimi tezlikli elektrocərəyanla göstərilən yerli təsir həmin nahiyədə müvəqqəti anhidroz (dehidratasiya) yaradır. Bu zaman dərman vasitələri dəridə toplanaraq, 15-20 gün ərzində öz təsirini qoruyub saxlayır.
Konservativ müalicə üsulları (psixoterapiya, dərman preparatları, antiperspirantlar, fizioterapiya), sanator-kurort müalicəsi daha (1-2 aya qədər) dayanıqlı klinik təsirin əldə olunmasına imkan verir.
Lakin, göründüyü kimi konservativ müalicənin bütün üsulları problemi kökündən həll etmir, yalnız müvəqqəti effekt verir. Hiperhidrozdan birdəfəlik xilas olmaq üçün cərrahi müalicə üsuluna müraciət edilir.
Hiperhidrozun lokal cərrahi müalicəsi
Bütün cərrahi müalicə üsulları müəyyən risklə müayiət olunur, bu səbəbdən o, yalnız konservativ müalicənin qeyri-effektiv olduğu hallarda icra edilir. Lokal cərrahi üsullar konservativ müalicə ilə mərkəzi cərrahi metodlar (simpatektomiya) arasında keçid mərhələsi sayılır. Üsulun mahiyyəti güclü tərləmənin baş verdiyi nahiyəyə birbaşa təsirin göstərilməsindən ibarətdir.
Hiperhidrozun konservativ müalicə üsulları və profilaktikasına bədənin və ayrılıqda tərləyən nahiyənin gigiyenası, dərman preparatlarının qəbulu, antiperspirantların istifadəsi, Botoks inyeksiyaları və blaşinq-sindrom zamanı kosmetik vasitələrin (B3 və B5 vitaminləri ilə) tətbiqi, ontoforez (inoforez), psixoterapiya daxildir.
Əksər hallarda hiperhidroz və ya eritrofobiya insan tərəfindən uydurulan psixiloji promlem sayılır. Belə vəziyyətlərdə müalicə və korreksiya məqsədilə psixoterapevtə müraciət etmək lazımdır. Hiperhidrozun konservativ müalicəsinin çatışmazlığı təsirin müvəqqəti olması və müalicəvi prosedurların müntəzəm aparılmasının zəruriliyindən ibarətdir: antiperspirantların təsiri 6 saat, Botoks inyeksiyasının isə 6 aya qədər davam edir.
Hazırda hiperhidrozun cərrahi müalicəsində aşağıdakı üsullardan istifadə olunur:
- qoltuqaltı zonanın liposaksiyası
- qoltuqaltı zonanın qapalı küretajı
- qoltuqaltı zonanın dərisinin ekssiziyası
Sadalanan cərrahi üsullar təhlükəsizlik, yan təsirlərin olmaması və dayanıqlı müsbət nəticə ilə seçilir. Onlar az travmatikdir və kosmetik qüsurlara səbəb olmur. Çunki prosdur 10mm ölçülü kiçik dəlikdən aparılır. Lokal cərrahi üsullar tər vəzilərinin sayını azaldaraq, tər ifrazını zəiflədir. 90% hallarda hiperhidroz və xoşagəlməz tər iyi problemini birdəfəlik aradan qaldırır.
Küretaj. Əməliyyat tərləyən nahiyədə sinir uclarının destruksiyası və tər vəzilərinin çıxarılmasından ibarətdir. Hiperhidroz zonasını daha dəqiq təyin etmək üçün yod-nişasta sınağı (Minor sınağı) aparılır. Cərrahi manipulyasiya yerli anesteziya altında həyata keçirilir. 1sm ölçüsündə dəlik açılır (ifadəli hiperhidroz zamanı – 2 dəlik), dəri aralanır və «qaşınılır».
Küretajdan əsasən qoltuqaltı nahiyənin hiperhidrozunda istifadə olunur. Onun ağırlaşmalarına müalyim qanaxma və hematoma aiddir. Bu fəsadlar təhlükəsiz olub, asanlıqla aradan qalxır. Bir neçə ildən sonra sinir lifləri bərpa oluna və yenidən hiperhidroz yarana bilər.
Artıq çəkidən əziyyət çəkən insanlarda liposaksiya göstəriş sayılır. Tər ifrazı simpatik sinir sistemi tərəfindən tənzimləndiyindən əməliyyat zamanı simpatik kötüyün sinir ucları dağıdılır, tər ifrazına səbəb olan impulsun ötürülməsi dayandırılır. Cərrahi tədbirlər zamanı hiperhidroz sahəsini müəyyən etmək məqsədilə Minor sınağı aparılır, dəlik açılır və kiçik borucuq vasitəsilə simpatik kötüyün sinir ucları dağıdılır, əzələaltı toxuma xaric edilir. Əməliyyat prosesində küretajın fəsadlarına analoji ağırlaşmalar baş verə bilər. Yara sahəsində dərinin həssaslığının azalması, qansızma, hematoma qeydə alınır. Dəri altına mayenin toplandığı hallarda punksiya edilir.
Ekssiziya hiperhidrozun effektiv müalicə üsulu sayılır. Lakin prosedurdan sonra hərəkəti bir qədər məhdudlaşdıran təxminən 3 sm ölçüsündə çapıq qalır. Digər üsullarda olduğu kimi ekssiziyadan da əvvəl Minor sınağı tətbiq edilir. Bu üsulun yüksək effektivliyi ona böyük maraq doğurur.
Hiperhidrozun lokal cərrahi müalicə üsulları yüksək effektivlik və təhlükəsizliyi təmin edir.
Simpatektomiya
Digər xəstəliklər kimi hiperhidroz da həyat keyfiyyətini azaldır, fiziki və psixoloji diskomfort törədir. Tibbin müasir səviyyədə inkişaf etdiyi dövrdə xəstəliyi sağaltmaq və əlamətləri aradan qaldırmaqla emosional fon və əhval-ruhiyyəni bərpa etmək mümkündür.
Hiperhidroz lokal (bədənin müəyyən nahiyələrinin – qoltuqaltı, ovuc, pəncənin güclü tərləməsi) və ümumi olur.
Hiperhidrozun müalicəsinə konservativ üsullarla başlamaq lazımdır. Bədənin gigiyenasına riayət edilməli, antiperspirantlardan istifadə olunmalı, psixoloqa müraciət edilməlidir. Tərləmənin bir o qədər də ifadəli olmadığı hallarda ionofarez və Botoks inyeksiyaları müsbət nəticə verir. Əks-göstərişlər olmadıqda lokal cərrahi müalicə üsullarının tətbiqi mümkündür. Qoltuqaltı nahiyənin küretai, liposaksiya və ekssiziyası çox zaman ciddi yan təsirlərə səbəb olmadan dayanıqlı müsbət nəticəsinin əldə edilməsinə kömək olur.
Bu üsullar qeyri-effektiv olduqda mərkəzi cərrahi üsul – simpatektomiya icra edilir.
Simpatektomiya hiperhidrozun müalicəsində 1946-cı ildən tətbiq olunur. Prosedura az travmatik olub, müsbət nəticənin uzunmüddət saxlanılmasına zəmanət verir. Lakin simpatektomiya yalnız zəruri hallarda – hiperhidrozun digər nüalicə üsullarına tabe olmayan ağır formasında aparılmalıdır. Əməliyyatdan sonra üz və ovucların quruluğuna rast gəlmək mümkündür. Bir müddətdən sonra dərinin vəziyyəti normallaşır. В дальнейшем состояние кожи нормализуется. Simpatektomiyanın ən ciddi fəsadı kompensator hiperhidrozdur, ona heç bir müalicə üsulu ilə təsir etmək mümkün olmur.
Simpatektomianın bir neçə forması mövcuddur:
- döş və boyun simpatektomiyası (adi əməliyyat);
- simpatik kötüyün destruksiya və ya kliplənməsi (endoskopik simpatektomiya);
- simpatik kötüyün kimyəvi blokadası və ya elelktrodestruksiya (dəridən keçməklə aparılan müdaxilə).
Bütün hallarda cərrahi müdaxilə ümumi anesteziya altında yerinə yetirilir. Əməliyyatın məqsədi simpatik kötüyün tam və ya hissəvi dağıdılması ilə onun fəaliyyətinin pozulmasından ibarətdir. Hazırda boyun və ya döş qəfəsi nahiyəsində kəsikdən icra olunan ənənəvi simpatektomiya öz yerini daha estetik və az travmatik üsul hesab edilən endoskopik simpatektomiyaya vermişdir.
Endoskopik simpatektomiya 2 yolla aparılır: simpatik kötüyün yüksək tezlikli cərəyanla dağıdılması və ya kliplənməsi. Hər iki üsul yüksək effektivlik və nəticənin daimi olması ilə səciyyələnir.
Qanaxma, kəskin və ya isti qidaların qəbulundan sonra üzun güclü tərləməsi, göz qapaqlarının sallanması, bəbəyin daralması (Horner sindromu) təhlükəsi mövcuddur.
Simpatik kötüyün hiperhidrozundan sonra rast gəlinən kompensator hiperhidrozu aradan qaldırmaq mümkün deyil. Patologiya simpatektomiya keçirmiş pasiyentlərin yalnız 2%-də ifadəli formada müşahidə olunur. Kliplənmədən sonra onun proqnozu bir qədər qənaətbəxş sayılır.
Qeyd etmək lazımdır ki, simpatektomiyanın aparıldığı insanların 95%-i hiperhidrozun müalicəsinin nəticəsindən razı qalır, onlarda heç bir narahatlıq yaranmır.
Simpatektomiyanın ağırlaşmaları – kompensator hiperhidroz
Endoskopik torakal simpatektomiyanın effekti (ETS) 95-98% hallarda uzunmüddətli olur, lakin statistik məlumatlara hər 10-cu pasiyentdə kompensator hiperhidrozla ağırlaşır.
İnsan orqanizmi elə qurulmuşdur ki, o, daima müxtəlif kompensator mexanizmlərin köməyilə itirilmiş funksiyanı tamamlamağa çalışır. Kompensator hiperhidroz – bədənin müəyyən bir nahiyəsində tər ifrazının kəsilməsinə orqanizmin cavab reaksiyasıdır. O, əvvəl hiperhidroza məruz qalmayan digər nahiyələrdə intensiv tər ifrazı ilə özünü büruzə verir. Məsələn, qoltuqaltı və ya ovucların simpatektomiyasından sonra çox vaxt sinə və kürək nahiyəsi, pəncənin simpatektomiyası zamanı isə bədənin aşağı hissələri tərləməyə başlayır.
Cərrah simpatektomiyanın bu fəsadının yaranma ehtimalı barədə xəstəni xəbərdar etməlidir. Simpatektomiya simpatik kötüyün kliplənməsi üsulu ilə aparıldıqda təkrari cərrahi müdaxilənin köməyilə (klipslərin çıxarılması və qabırğaarası sinirin bərpası) kompensator hiperhidrozla mübarizə aparmaq mümkündür. Cərəyanla destruksiyadan – simpatik sinir kötüyünün tamamilə dağıdılmasından sonra meydana çıxan kompensator hiperhidroz isə daimi xarakter daşıyır. Təəssüf ki, radikal simpatektomiyadan sonra kompensator hiperhidrozun yaranma ehtimalını əvvəlcədən müəyyən etmək müümkün olmur, lakin müasir tibb elmi bu ağırlaşmanın proqnozlaşdırılma üsullarının axtarışına davam edir.
Kompensator hiperhidroz bir qayda olaraq, əməliyyatdan sonra ilk aylarda özünü büruzə verir. Zamanla onun təzahürləri əhəmiyyətli dərəcədə azala bilər. Tərləmənin stabil səviyyəsi əməliyyatdan sonra 1 il ərzində təyin edilir və demək olar ki, dəyişilmir.
Yüksək fiziki aktivlik, hovuz, hamam və ya sauna, isti, nəm mühit kompensator hiperhidrozun əlamətlərini daha da artırır. Adi hallarda isə tər ifarzı fizioloji norma səviyyəsində ola bilər. Güclü tərləməni tənzimləmək məqsədilə qəhvə və ədvalı qidaların qəbulundan imtina edilməlidir.
Simpatektomiya radikal cərrahi müalicə üsulu olduğundan digər cərrahi müdaxilələr kimi bir çox ağırlaşmalara gətirib çıxara bilər. Bu səbəbdən o, yalnız konservativ müalicə üsullarının qeyri-effektiv olduğu hallarda icra edilməlidir.
Kompensator hiperhidrozun təzahürləri variabellidir: xəstəlik yüngül dərəcədə və ya bədənin müəyyən hissələrini ifadəli tərləməsi ilə gedə bilər.
Kompensator hiperhidroz həmçinin tərləmənin aradan qaldırılmasına yönəldilən digər cərrahi müdaxilələr – liposaksiya, küretaj nəticəsində yarana bilər. Lakin belə hallarda onun əlamətləri bir o qədər ifadəli olmur.
Radikal cərrahi simpatektomiyadan əvvəl pasiyentə başa salmaq lazımdır ki, bu üsul seçim əməliyyat sayılsa da arzu edilən nəticənin əldə olunacağına 100% zəmanət vermir. Bu səbəbdən pasiyent dərindən düşünərək, adi hiperhidrozla yaşamağa davam etmək və ya bütün həyatı boyu kompensator hiperhidrozun geridönməyən nəticələri ilə mübarizə aparmaq barədə qərar verməlidir.
Hiperhidrozun yeni müalicə üsulları
Hiperhidrozun lazerlə müalicəsi kosmetologiyada yenicə tətbiq olunan üsullardandır. Qadınlara məlum olan sellülitə qarşı SmartLipo lazer texnologiyası hiperhidrozun müalicəsində də müvəffəqiyyətlə istifadə olunur. Unikal lazer qurğusu ilk dəfə 2007-ci ildə Moskvada hazırlanmışdır. Kosmetologiya sahəsinin ekspertləri lazer şüası ilə müalicəyə olan göstərişlərin spektrini genişləndirərək, ora hiperhidrozu da əlavə etmişdir. Lazer enerjisinin tər vəzilərinə təsiri onların blokadasına və fəaliyyətinin dayanmasına səbəb olur. Nəticədə əlavə müdaxilələrə ehtiyac olmadan hiperhidroz tamamən aradan qaldırılır.
Manipulyasiya ambulator şəraitdə yerli anesteziya altında aparılır: Mikrodəliklərdən dəriyə kanyula yeridilir. Onun uc hissəsindən lazer şüaları ilə tər vəzisi hüceyrələrinə təsir göstərilir. Prosedura səthi müdaxilə olduğu üçün az travmatikdir, 20-30 dəqiqə davam edir. Manipulyasiyaya hazırlıq və ondan sonra klinikada qalmaq tələb olunmur.
Lazerlə müalicədən sonra ağırlaşmaların yaranma riski demək olar ki, sıfıra bərabərdir: toxumaların hipertermiyası baş vermir, dəlik nahiyəsində hematoma yaranmır. Lazer şüalanması həm də müdaxilə zonasına bakteriosid təsir göstərməyi ilə fərqlənir.
Qoltuqaltı çuxurun hiperhidrozu tər vəzilərinin 70%-ni dağıdan neodim lazerin köməyilə müalicə olunur. Pasiyent cəmi bir seansa qoltuqaltı hiperhidrozdan azad olur. Buna baxmayaraq, hiperhidrozun lazer texnologiyası ilə müalicəsi təlim keçmiş mütəxəssislərinin sayının azlığı və bahalı olması ilə əlaqədar bir o qədər də geniş yayılmamışdır.
Şərhlər